Bu gün Sloveniyada növbəti prezident seçkiləri keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçicilər axşam saat 19-dək ölkə üzrə üç min səsvermə məntəqəsində növbəti beş il üçün dövlət başçısını müəyyən etməlidirlər.
Seçkilərdə 7 namizəd mübarizə aparır. Onların arasında ən yüksək şans keçmiş xarici işlər naziri, Sloveniya Demokratik Partiyasının dəstəklədiyi namizəd Anje Loqara məxsusdur. Sorğularda respondentlərin 30 faizi onu dəstəklədiyini ifadə edib.
Keçmiş nazirlə yanaşı bitərəf namizəd Nataşa Pirç Musarın da şansları yüksək qiymətləndirilir və o, seçkiöncəsi sorğuda 27 faiz səs toplayıb.
İxtisasca vəkil olan N. P. Musar informasiya azadlığı və şəffaflıq haqqında kitabların müəllifi, eləcə də keçmiş ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melani Trampın vəkili kimi tanınır. Heç bir siyasi düşərgə tərəfindən birbaşa dəstəklənməsə də, bu namizədin əhali arasında populyarlığı kifayət qədər yüksək hesab edilir.
Ehtimal olunur ki, ilk turda heç bir namizəd tələb olunan mütləq səs çoxluğunu əldə edə bilməyəcək. İkinci tura keçmə şansı olan namizədlərdən biri isə Baş nazir Robert Qolobun hökumətinin dəstəklədiyi namizəd, sosial-demokrat Milad Brqlezdir.
Noyabrın 13-də mübarizə bu üç namizəddən ikisi arasında davam edə bilər.