Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 28-də şərq istiqamətində 2 qısamənzilli ballistik raket buraxıb.
Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Raketlərin Kanqvon vilayətindəki Tonqçon rayonundan yerli vaxtla saat 11:59-da və 12:18-də buraxıldığı bildirilir. Cənubi Koreya hərbçiləri ABŞ-dan olan həmkarları ilə birgə KXDR-in nüvə-raket fəaliyyətini diqqətdə saxladıqlarını açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya sentyabrın son günlərindən bəri bir neçə dəfə raket buraxılışı həyata keçirib. Sonuncu raket buraxılışı isə Cənubi Koreya və ABŞ hərbçilərinin oktyabrın 31-də başlayacaq hava təlimləri ərəfəsində baş verir. Təlimə Cənubi Koreyadan F-35A, F-15 və KF-16 qırıcıları da daxil olmaqla 140-a yaxın təyyarənin, ABŞ-dan isə F-35B qırıcıları da daxil olmaqla, təxminən 100 təyyarənin cəlb olunacağı bildirilir.