Cənubi Koreya hakimiyyəti Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 151 nəfərin öldüyünü təsdiqləyib.
Bu barədə bazar günü ölkənin fövqəladə xidmətlərinə istinadən “News-1” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ölənlərin 19-u əcnəbidir. Onlar əsasən Rusiya, İran, Çin, Norveç və Özbəkistan vətəndaşlarıdır. Bundan başqa 82 yaralı var.
Cənubi Koreya Prezidenti Yun Sok Yol çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar ölkədə milli matəm elan edib. Matəmin noyabrın 5-dək davam edəcəyi bildirilir.
**23:48(29.10.2022)
Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
Bu barədə YTN telekanalı məlumat yayıb.
Yaralı sayının azı 150 nəfər olduğu deyilir.
Daha əvvəl azı 120 nəfərin öldüyü və 100 nəfərin yaralandığı bildirilirdi.
**22:38
Oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində Hellouin bayramı münasibətilə axşam saatlarında keçirilən şənliklərdə izdiham yaşanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, təxminən 100 min nəfərin iştirak etdiyi izdihamda 120 nəfər ölüb, onlarla xəsarət alan var.
Ölüm hallarına əsasən nəfəs çatışmazlığı səbəb olub.
Hadisə barədə məlumat alan Cənubi Koreya Prezidenti Yun Sok Yol təcili ofisinə gəlib və müvafiq qurumların rəhbərləri ilə fövqəladə iclas keçirib.
Xatırladaq ki, hər il oktyabrın sonuncu şənbə günü ölkədə minlərlə insan Hellouin bayramını qeyd etmək üçün bir yerə toplaşır.