Sentyabr ayının 2-ci yarısında iranlı qız Məhsa Əmininin ölümündən sonra ölkədə başlayan etiraz aksiyaları durmadan davam edir.
Məlumata görə, etiraz aksiyalarında müxtəlif sosial, iqtisadi, ictimai problemlər diqqət mərkəzində durur və bununla əlaqədar hökumət əleyhinə şüarlar səsləndirilir.
Bu gün də (31 oktyabr) günorta saatlarından başlayaraq İranın bir çox universitetində etiraz aksiyaları keçirilib və tələbələrə qarşı sərt davranışlara, ayrı-seçkiliyə son qoyulması tələb olunub.
Etiraz aksiyaları ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.
Əlavə edək ki, etiraz aksiyalarında ölüm halları qeydə alınsa da, rəsmi şəkildə indiyədək ölən insanların sayı açıqlanmayıb.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.(Trend)