ABŞ Ukraynaya yardımı koordinasiya etmək və uzunmüddətli perspektivdə silah təchizatına nəzarət etmək üçün Almaniyada təhlükəsizlik qərargahı yaradacaq.
Bu barədə keçirdiyi brifinqdə jurnalistlərə ABŞ Müdafiə Nazirliyi mətbuat katibinin müavini Sabrina Sinqh məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Təhlükəsizliyinə Yardım Qrupu (SAG-U) adlandırılacaq xüsusi qərargah Avropa Qüvvələr Komandanlığının rəhbərliyi altında Almaniyanın Visbaden şəhərində fəaliyyət göstərəcək və səyləri əlaqələndirəcək.
Sabrina Sinqh əlavə edib ki, yeni qərargah ABŞ-a uzunmüddətli perspektivdə Ukraynaya dəstəyini davam etdirməyə kömək edəcək: “SAG-U yeni missiya deyil, bu, prosesi idarə etmək üçün daha səmərəli və sadələşdirilmiş üsuldur. Bu, 18-ci Hərbi Hava Qüvvələrinin artıq bölgədə gördüyü işlərin davamıdır. Qrup qısa və uzunmüddətli perspektivdə Ukraynaya yardımı davam etdirmək üçün məntiqli bir yoldur”.(“Report”)