"Ukrayna taxılının dünyaya çatdırılması üçün imzalanan İstanbul sazişinin müddəti 4 aydır. Tərəflər etiraz etməsə, müddət uzadılacaq".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, yeni razılığa ehtiyac yoxdur: "Rusiya gübrəsinin ixracı razılığın bir hissəsidir. Rusların bu tələblərinin yerinə yetirilməməsi ilə bağlı narahatlıqları var. İndi bu narahatlıqları aradan qaldırmaq üçün diplomatiya fəaliyyət göstərir".
M.Çavuşoğlu söyləyib ki, diplomatik təmaslar davam edir: "Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin, Ukrayna lideri Volodimir Zelenski və BMT-nin Baş katibi Antoniu Quttereşlə müzakirə aparıb. Mən də BMT Baş katibi Antoni uQuttereş, ABŞ-ın dövlət katibi Entoni Blinken, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Rusiya XİN başçısı Sergey Lavrovla telefonla danışmışam. Həmçinin NATO Baş katibi Yens Stoltenberqlə də müzakirələr aparmışam".
Türkiyənin XİN başçısı qeyd edib ki, BMT Baş katibi də Rusiya taxıl və gübrəsinin ixracı məsələsindəki maneələrin aradan qaldırılmasına çalışır.("Report")