Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk Kiyevin BMT-də iki dəfə anti-İsrail qətnamələrini dəstəkləməsindən sonra İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, səfirə BMT-nin xüsusi siyasi və müstəmləkəsizləşdirmə məsələləri üzrə komitəsində Ukrayna nümayəndəsinin səsverməsi ilə bağlı etiraz ediləcək.
İsrail Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin rəhbəri Əmir Veysbroda Kiyevin bu addımını “qeyri-adi” adlandırıb və Kanın sözlərinə görə, o, İsrail tərəfinin “ukraynalılardan narazılığını ifadə etmək üçün bir yol tapacağını” deyib.
Bundan əvvəl İsrailin Ukraynadakı səfiri Mixael Brodski Kiyevin BMT-də iki dəfə İsrail əleyhinə qətnamələri dəstəkləməsindən sonra Ukraynanın hərəkətlərindən məyus olduğunu bildirib.(azvision.az)