Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib. Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb".
Hazırda xilasedicilər insanların dağıntılar altından çıxarılması üçün axtarış-xilasetmə işləri aparırlar. Məlumata görə, həmçinin Ukraynanın bir sıra vilayətlərində elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan əlavə, Dneprdə isə raket hücumları nəticəsində 5 nəfər yaralanıb. Vurğulanıb ki, hava hücumu nəticəsində sənaye müəssisəsi və yaxınlıqdakı yaşayış binaları zədələnib. Bütün zərərçəkənlərin vəziyyəti orta ağırdır. Eyni zamanda Odessada da 3 nəfərin hava hücumu zamanı xəsarət aldığı qeyd olunub.