İsrail Prezidenti İsxak Hersoq "Likud" partiyasının lideri Benyamin Netanyahuya yeni hökuməti qurmaq üçün verilən müddəti 10 gün uzadıb.
Bu barədə “Jerusalem Post” məlumat yayıb.
"Hökumət qurmaq vəzifəsini yerinə yetirmək üçün son müddəti 10 gün uzatmaq qərarına gəldim", - İsxak Hersoq bildirib. Prezidentin sözlərinə görə, yeni hökumət hörmətli və məsuliyyətli dialoqu davam etdirməlidir.
Qeyd edək ki, dekabrın 9-da Baş nazir postuna namizəd Benyamin Netanyahu mandatının iki həftə uzadılmasını istəyib.
Noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində partiyası birinci yeri qazanan Netanyahu bu mandatı noyabrın 13-də Prezidentdən alıb. Ona verilən mandat dekabrın 11-də başa çatır. Əgər əlavə 10 gün ərzində də hökuməti formalaşdıra və parlamentdə onun tərkibini təsdiq edə bilməsə, Prezident bu işi başqa namizədə həvalə edə bilər.