Əfqanıstan-Pakistan sərhədində yerləşən Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında baş verən atışma nəticəsində altı nəfər ölüb, 17 nəfər yaralanıb.
Aamaj News bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.
“Dekabrın 11-də Əfqanıstanın Sərhəd Qüvvələri Pakistanın Bəlucistan əyalətinin Çaman şəhərində yaşayan dinc əhaliyə qarşı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edərək atəş açıb, nəticədə altı mülki şəxs həlak olub, 17 nəfər yaralanıb”, - məlumatda bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, Pakistan Sərhəd Qoşunları mülki əhalini hədəfə alanlara və təcavüz aktı törədənlərə qarşı cavab tədbirləri görüb.
Əfqanıstan mətbuatının yazdığı məlumatda isə qeyd olunur ki, silahlı insident nəticəsində dörd əfqan ölüb, 20 nəfər yaralanıb.
Məlumat üçün qeyd edək ki, Spin-Boldak-Çaman sərhəd keçid məntəqəsi Pakistan və Əfqanıstan sərhədində iki ölkə arasında ticarətin həyata keçirildiyi əsas məntəqələrdən biridir.