ABŞ üç il ərzində Afrikaya 55 milyard dollar ayıracaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Vaşinqtonda ABŞ-Afrika sammitində Co Baydenin qitə liderləri ilə görüşündən əvvəl Ağ Ev məlumat yayıb.
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu vəsaitin xüsusən səhiyyə sahəsində və iqlim dəyişikliyinə qarşı mübarizə üçün istifadə olunacağını desə də, onun mənşəyi və paylanması barədə təfərrüatları açıqlamayıb. O qeyd edib ki, bu, “konkret problemlərin həlli üçün resursların real səfərbər edilməsinə” sərf olunacaq.
Afrikanın bir neçə ölkəsində səfir vəzifəsində çalışmış 79 yaşlı diplomat Conni Karson bu böyük maliyyə vədlərinin yerinə yetirilməsini təmin etmək üçün xüsusi nümayəndə təyin edilib.
Dekabrın 15-dək davam edəcək ABŞ-Afrika Sammitinin məqsədi Birləşmiş Ştatların qitə ilə əlaqələrinin genişləndirilməsidir.