Əfqanıstan hakimiyyəti Pakistanla sərhəddəki Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında baş verən atışma ilə bağlı üzr istəyib.
TASS bildirir ki, bu barədə çərşənbə axşamı Pakistanın müdafiə naziri Havacı Məhəmməd Asif Milli Assambleyada (parlamentin aşağı palatası) çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, müvafiq bəyanatlar sərhəd təhlükəsizliyi məsələləri üzrə hökumətlərarası komitənin işi çərçivəsində verilib.
Nazir bildirib ki, Əfqanıstan tərəfi səhvini etiraf edib və belə hadisələrin bir daha təkrarlanmamasını təmin edəcəyinə söz verib.
Qeyd edək ki, Pakistan-Əfqanıstan sərhədində insident dekabrın 11-də Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında baş verib.
Məlumata görə, buna səbəb bir qrup əfqan tərəfindən Pakistanın inşa etdiyi sərhəd sədlərinin bəzi hissələrini dağıtmaq cəhdi olub. Bunun ardınca əfqan sərhədçiləri Pakistan ərazisini minaatanlardan atəşə tutub, nəticədə 6 nəfər ölüb, 17 mülki şəxs yaralanıb. Pakistan hərbçiləri cavab atəşi açıb. Atışma nəticəsində Əfqanıstan ordusunun ən azı 8 əsgəri məhv edilib.