Əfqanıstan və Pakistan sərhədində atışma olub, Pakistan tərəfində bir nəfər ölüb, daha 15 nəfər yaralanıb.
Bu barədə “The News” qəzeti hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, Əfqanıstan sərhədçiləri Çaman rayonunda (Bəlucistan əyaləti) yaşayış məntəqəsini atəşə tutublar. Nəticədə mülki əhali zərər çəkib. Pakistan tərəfi buna ağır artilleriya atəşi ilə cavab verib.
Aamaj News agentliyi bildirir ki, insident “Taliban”ın Şiro Ubu bölgəsində nəzarət-buraxılış postu qurmağa cəhd göstərməsi səbəbindən baş verib. Pakistan ordusu buna mane olub.
Bu, son günlər Əfqanıstan-Pakistan sərhədində ikinci silahlı münaqişədir. Dekabrın 11-də baş verən atışma nəticəsində 6 pakistanlı həlak olmuş, 17 nəfər yaralanmışdı. “Taliban” isə həmin atışmada Əfqanıstan tərəfdən bir nəfərin öldüyünü və 13 nəfərin yaralandığını bildirmişdi.