Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı ölkələrinin liderlərindən ölkəsinə böyük həcmdə müasir və uzaqvuran silahlar tədarük etmələrini istəyib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Volodimir Zelenski bu istəyini cümə axşamı günü Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin iştirakçılarına video-konfrans vasitəsilə müraciətində çatdırıb.
“Həm hava hücumundan, həm də raketdən müdafiə üçün daha müasir silahlara və daha çox tədarükə ehtiyacımız var. Mən Avropa İttifaqının 27 ölkəsinin hər birindən hava hücumundan müdafiə sistemlərinin təchizatını artırmağı xahiş edirəm. Bu, müasir tanklara və daha uzaq mənzilli artilleriya və raket sistemlərinə aiddir. Ukraynanı müasir tanklarla təchiz edəcək ölkə dövrümüzdə azadlığın ən mühüm müdafiəçilərindən biri kimi xatırlanacaq”, - deyə Ukrayna Prezidenti bildirib.
Volodimir Zelenski, həmçinin qarşıdakı yarım ilin Ukrayna-Rusiya müharibəsində bir çox cəhətdən həlledici olacağını söyləyib.