Rusiya silahlı qüvvələri dekabrın 16-da növbəti kütləvi atəş zamanı Ukrayna ərazisinə 60-dan çox raket atıb.
Senzor.az yerli KİV-ə istinadən buldirir ki, bu barədə telemarafonun efirində Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.
"Ukrayna ərazisinə 60-dan çox raketin atılması məlumdur. Ənənəvi olaraq X-555 və X-101 raketləri Tu-95 təyyarələrindən atılıb", - deyə o qeyd edib.
Vurğulanıb ki, bundan əlavə, Qara dənizdən “Kalibr” atışları, həmçinin “S-300” raketlərinin buraxılışı qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçko isə özünün teleqram səhifəsində bildirib ki, Kiyevdə rusların raket hücumu səbəbindən metroda qatarların hərəkəti dayandırılıb, stansiyalar sığınacaq kimi istifadə olunur.
Dekabrın 16-da raket hücumu nəticəsində paytaxtın Desnyanski, Dneprovski və Qoloseyevski rayonlarında partlayışlar baş verib.
Ukraynanın energetika naziri German Qaluşenko isə mətbuata açıqlamasında bildirib ki, raket zərbələri ölkənin enerji sektoruna ziyan vurub.
"Rusiyanın enerji infrastrukturunu kütləvi atəşə tutmasının növbəti dalğası nəticəsində artıq ölkənin həm şərqində, həm də cənubunda enerji obyektlərinə ziyan dəyib. Atışmalar davam edir, fövqəladə qəzalar baş verir”, - deyə nazir vurğulayıb.