Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasının məğlubiyyətindən sonra bir çox şəhərlərdə polis və azarkeşlər arasında toqquşma olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Parisdə Fransa yığmasının qələbəsini qeyd etmək üçün ənənəvi yer olan Şamp-Elizedə qələbə atəşfəşanlığı üçün nəzərdə tutulmuş partlayıcılar polisə tuşlanıb.
Lyon şəhərində Bellecour meydanında atış səsləri eşidilib. Prefektura insanları zorakı qruplardan uzaqlaşmağa çağırıb.
Bəzi şəhərlərdə küçələrdə zibil qutularının, şəhərin mərkəzində avtomobillərin yandırıldığı və vitrinlərin talan edildiyi bildirilir. Polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Qeyd edək ki, Fransa yığmasının qələbə çalacağı təqdirdə ölkədə gözlənilən atəşfəşanlığa nəzarət edilməsi üçün ümumi 14 min, Paris şəhərində isə 2 min 750 polis və jandarm səfərbər edilmişdi.