Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Özbəkistana səfəri çərçivəsində paytaxt Daşkənddə iki ölkə liderinin iştirakı ilə iki vacib saziş imzalanıb.
“Sputnik”in Özbəkistan bürosu xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və “Özbəkistan-Qazaxıstan dövlət sərhədinin demarkasiyası haqqında Müqavilə” imzalayıb.
Bundan əlavə, iki ölkənin hökumətləri, nazirlikləri, idarələri, iri şirkətləri səviyyəsində əməkdaşlığın genişləndirilməsinə dair 15 sənəd imzalanıb.
Tərəflər “Mərkəzi Asiya” Beynəlxalq Sənaye Əməkdaşlıq Mərkəzinin yaradılması, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq, ali və ali təhsildən sonrakı təhsil sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.
İmzalanan sənədlər həmçinin strateji islahatlar, elektron ticarətin inkişafı, meşə təsərrüfatı və dövlət xidmətlərini də əhatə edir.
Tərəflər arasında Daşkənd ilə Türküstan, Nəvai və Qızılorda, Cizzəx və Türküstan vilayətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritələri, həmçinin enerji, kimya sənayesi, nəqliyyat və yükdaşıma sahələrində layihələrin həyata keçirilməsinə dair sazişlər imzalayıblar.
Əlavə olunub ki, səfər zamanı 8 milyard dollar dəyərində ticarət müqavilələri və investisiya sazişləri imzalanıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dekabrın 21-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında Özbəkistana səfər edib.(APA)