ABŞ-da qar fırtınası səbəbindən azı 23 nəfər ölüb.
Senzor.az bildirir ki, insan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb.
Şənbə günü ABŞ-da pis hava şəraiti səbəbindən 2,3 mindən çox reys ləğv edilib. Ohayo ştatında magistral yolda 50-yə yaxın avtomobil toqquşub.
Qar fırtınasına görə ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.
Bundan başqa, qar fırtınası ölkədə təbii qaz hasilatının rekord dərəcədə azalmasına səbəb olub. Belə ki, cümə günü boruların buzla örtülməsi və bununla əlaqədar yaranan fasilələr səbəbindən təbii qaz hasilatı 2,8 milyon kubmetr azalıb. Bu dərəcədə azalma son 10 ildə ilk dəfə baş verir.
Eyni zamanda, ABŞ-da qaz istehlakı səviyyəsi 2019-cu ilin əvvəlindən bəri ən yüksək səviyyəyə yüksəlib.
Yerli sakinlərin sözlərinə görə, bu, ABŞ-da son illərin ən güclü qar fırtınasıdır.