Knesset (İsrail parlamenti) cümə axşamı günü 1 noyabr seçkilərinin nəticələrinə əsasən “Likud” partiyasının lideri Benyamin Netanyahunun qurduğu hökumətə etimad göstərib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, elektron səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib.
Netanyahu və hökumət üzvləri vəzifələrinə başlamaq üçün and içiblər.
Xatırladaq ki, noyabrın 1-də İsraildə 2019-cu ildən bəri beşinci parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə görə, birinci yeri 120 yerlik parlamentdə 32 yer qazanmış Benyamin Netanyahunun “Likud” partiyası, ikinci yeri 24 mandatla Yair Lapidin “Yeş Atid” partiyası tutub.
Bu, Netanyahunun siyasi karyerasında altıncı baş nazirliyi, İsrailin isə sayca 37-ci hökumətidir. O bundan əvvəl 1996-1999-cu və 2009-2021-ci illərdə Baş nazir olub. Netanyahu and içdiyi andan Yair Lapid keçid hökumətinin başçısı vəzifəsini dayandırıb və müxalifətə keçib.
Yeni hökumətdə kimlərin təmsil olunacağına gəlincə, Netanyahunun mühafizəkar “Likud” partiyasının üzvü, 64 yaşlı Yoav Qalant ölkənin müdafiə naziri olacaq. Qalant 2020-ci ildən 2021-ci ilə qədər İsrailin təhsil naziri vəzifəsində çalışıb. O, əvvəllər Ədliyyə və inteqrasiya naziri (2019-2020), tikinti naziri (2015-2019), İsrailin cənub hərbi bölgəsinin komandanı (2005-2010) və İsrail baş nazirinin hərbi katibi (2002-2005) olub.
Sionizm partiyasına rəhbərlik edən Bezalel Smotriç isə maliyyə naziri təyin edilib. Radikal dindar hesab edilən Smotriç azad bazarları müdafiə etdiyini açıqlayıb. 42 yaşlı nazir Fələstin dövlətçiliyinin əleyhinədir.
Xarici işlər naziri postunu Eli Kohen tutacaq. Əvvəlki Netanyahu hökumətində kəşfiyyat naziri olan 50 yaşlı Kohen Likud partiyasının üzvüdür.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdir. İfrat sağçı Yəhudi Gücü partiyasına rəhbərlik edən Ben-Qvir bütün vətəndaşlar üçün qanun və qaydaya diqqət yetirəcəyinə söz verib.
46 yaşlı Ben-Qvir Fələstinin dövlətçiliyinə qarşıdır və 1990-cı illərdə qurulmuş Fələstin Muxtariyyəti hökumətinin dağıdılmasının tərəfdarıdır. O, vaxtilə İsrail və ABŞ-da "qara siyahı"ya düşən Kahane Çaiyə yəhudi silahlı qruplaşmasının üzvü olub.
63 yaşlı utra-pravoslav ravvin Arye Deri daxili işlər və səhiyyə naziri vəzifəsinə layiq görülüb. 1999-cu ildə Deri rüşvət aldığı üçün üç il müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci ildə yenidən siyasətə qayıdıb. Koalisiya müqaviləsinə əsasən, Deri iki ildən sonra maliyyə naziri olacaq.
İsrailin Vaşinqtondakı keçmiş səfir Ron Dermer strateji işlər naziri postunu tutub. 2020-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə İsrailin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ilə əlaqələrinin qurulmasında əsas rol oynayıb.