Ukrayna Prezidenti Volodimir Zelenski bayramla əlaqədar təsirli paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, Zelenski instaqramda paylaşdığı videoda 2022-ci ilin ölkəsi üçün nə qədər ağır keçdiyini xatırladıb: “2022 ürəklərimizi qırdı. Biz artıq bütün göz yaşlarımızı istifadə etdik. Bütün dualar səsləndirildi. 311 gün. Hər dəqiqə haqda deməyə sözümüz var. Amma sözlər artıqdır. İzahata ehtiyac yoxdur. Eşidilmək üçün sakitlik lazımdır. Dərk etmək üçün fasilələr gərək”.
“Bilmirik ki, 2023 bizə nələr gətirəcək. Hamımıza qələbə arzu edirəm. Və bu, ən vacib şeydir. Qoy bu il qayıdış ili olsun. Bizim əhalimizin qayıdış ili…”, – deyə Ukraynanın dövlət başçısı qeyd edib.
Onun təsirli sözləri izləyicilərinin diqqətini çəkib. Dünyanın müxtəlif yerlərindən olan insanlar Zelenskiyə dəstək ifadə edib, bu il müharibənin sonlanacağına ümid etdiklərini bildiriblər.