Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb, 21 nəfər hələ də itkindir.
TASS xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının bazar ertəsi dərc olunmuş hesabatında qeyd olunub.
Bildirilib ki, daşqınlar ölkənin 10 regionunda 583,4 mindən çox insana ziyan vurub.
Milli Şuranın məlumatına görə, hazırda 51,4 min məcburi köçkün 95 təxliyyə məntəqəsindədir. Azı 1,42 min nəfər əvvəlcədən evlərini tərk edib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölkənin 9 regionunda təbii fəlakətlə bağlı 469 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb.
Təbii fələkət 4,54 min evə ümumilikdə 54,8 milyon peso (985,8 min ABŞ dolları) dəyərində ziyan vurub. 95 infrastruktur obyektinə dəyən ziyan 1,13 milyard peso (20,4 milyon ABŞ dollar), kənd təsərrüfatına dəyən ziyan isə 245 milyon peso (4,4 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir. Daşqınlar 140 yol və 14 körpüyə ziyan vurub, 19 dəniz limanının işinə əngəl yaradıb. 63 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin artıq 62 şəhərdə elektrik enerjisinin verilməsi bərpa edilib, bəzi yerlərdə su təchizatında problemlər qalmaqdadır.
67 şəhər və 71 bələdiyyədə təhsil müəssisələrində dərslər və müəssisələrdə iş dayandırılıb. 22 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hökumət yardım üçün artıq 48,2 milyon peso (865,8 min ABŞ dolları) ayırıb.(“Report”)