İstanbul valisi Ali Yerlikaya yanvarın 3-də qatı duman səbəbindən ictimai nəqliyyatda mümkün gecikmələr barədə sakinlərə xəbərdarlıq edib.
Yerli KİV-in məlumatına görə, o bu barədə “Tvitter”də yazıb.
“Duman səbəbindən görmə imkanının pisləşəcəyi gözlənilir, bütün nəqliyyat növlərinin fəaliyyətində nasazlıqlar ola bilər, diqqətli olaq və lazımi tədbirləri görək”, - deyə vali qeyd edib.
İstanbulun Asiya hissəsindəki Sabiha Gökçen hava limanının rəhbərliyi də öz növbəsində duman səbəbindən uçuşların ertələnməsi və gecikmələri barədə xəbərdarlıq edib.
Belə ki, yanvarın 2-də İstanbula eniş etməli olan 50-dən çox reys şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirilib. Türk Hava Yolları Sabiha Gökçen hava limanına və oradan hərəkət etməli olan 100 reysin ertələndiyini açıqlayıb.