Ukraynanın paytaxtı Kiyev şəhərinə raket zərbələrinin Belarus ərazisindən, Baranoviçi şəhərindən endirilməsi barədə məlumatlar var.
Bunu Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşinko tviterdə yazıb.
O bildirib ki, bu hələ ki, ehtimaldır: “Belarus Prezidenti Aleksandr Lukaşenko da rusiyalı həmkarı Vladimir Putin kimi hərbi cinayətkardır və o, da məsuliyyət daşıyacaq”.
A.Geraşinko söyləyib ki, Rusiya bu dəfəki hava hücumu zamanı kritik infrastruktur obyektləri vurub: "18 fərdi evə ziyan dəyib. Xilasedicilər hadisə yerində çalışırlar".
İlkin məlumata görə, itki yoxdur.
Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib.(“Report”)
**12:36
Yanvarın 14-ü səhər saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərində bir neçə partlayış səsləri eşidilib.
Partlayış səslərindən sonra həyəcan siqnalı çalınıb. Kiyev şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiya ordusu paytaxt Kiyevə raket hücumu edib.
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko teleqram səhifəsində məlumat verib ki, raketlərdən biri strateji infrastruktura dəyib.
Kiyev şəhər meri Vitali Kliçko isə teleqram səhifəsində partlayışın paytaxtın Dnepr rayonu ərazisində baş verdiyini açıqlayıb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.