Böyük Britaniya Rusiyanın mülki və hərbi liderlərini, o cümlədən ölkə rəhbəri Vladimir Putini Ukraynadakı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edəcək tribunal yaratmaq üçün hüquqi dəstək təklif edib.
Bu barədə “The Guardian” nəşri yazıb.
İxtisaslaşdırılmış məhkəmənin yaradılması kampaniyasına britaniyalı hüquqşünas Filip Sands və keçmiş baş nazir Qordon Braun rəhbərlik edir. Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib ki, Rusiyanın hərbi cinayətləri cəzasız qalmamalıdır. Məhz buna görə də Britaniya hüquqi təcrübə təklif edərək, Ukraynanın tribunalın yaradılmasına qoşulmaq dəvətini qəbul edib.
Slobodan Miloşeviçin məhkəməsinin baş prokuroru Ceffri Nays deyib ki, beynəlxalq ekspertlər məsləhət verə bilər, amma siz onlara prosesi idarə etməyə imkan verməməlisiniz. Nays vurğulayıb ki, bu, Ukraynaya məhkəmə çəkişmələri ilə bağlı istənilən qərarda potensial beynəlxalq təzyiqlərdən qaçmağa kömək edəcək.(AzVision.az)