Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili koronavirusa yoluxub.
TASS bildirir ki, bu barədə çərşənbə axşamı onun vəkili Şalva Xaçapuridze özünün “Facebook” səhifəsində məlumat verib.
Vəkil onu da əlavə edib ki, çərşənbə axşamı Saakaşvili yenidən huşunu itirib.
Qeyd edək ki, bir müddət öncə “Empati” qeyri-hökumət təşkilatının ekspertləri Saakaşvilinin orqanizmində ağır metallar, o cümlədən civə izləri aşkar ediblər. Onların sözlərinə görə, siyasətçinin həbslə bir araya sığmayan 10 diaqnozu var. Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti bildirib ki, Saakaşvilidən götürülən testlər zəhərli maddələrin olmadığını göstərib. Gürcüstan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, keçmiş prezident özünü xəstəliyə vurub.
2022-ci ilin dekabrından Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin səhhəti ilə bağlı azadlığa buraxılmasının mümkünlüyünə dair dinləmələr keçirilir. İclaslarda şahid qismində çıxış edən həkimlər və ekspertlər eks-prezidentin çoxsaylı xəstəlikləri və səhhətinin son dərəcə ağır olduğunu bildirirlər.