Fələstin dövlətinin Prezidenti Mahmud Abbas ölkədə üç günlük matəm elan edib.
AFP xəbər verir ki, Mahmud Abbas bu səhər Cenində İsrail ordusu ilə toqquşma zamanı 9 fələstinlinin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
Fələstin mediası bildirib ki, ölkədə bayraqların yarıya qədər endirilməsi barədə qərar verilib.
İsrail tərəfi isə bildirib ki, hərbçilər hücum planlaşdıran Fələstin İslami Cihadının axtarışda olan üzvlərini, eləcə də düşərgədə əsgərlərlə toqquşmuş digər silahlı şəxsləri güllələyərək öldürüb.
İsrail Müdafiə Qüvvələri toqquşmalar zamanı öldüyü bildirilən yaşlı qadının ölümünü araşdırdığını bəyan edib.
BMT-nin Yaxın Şərq elçisi zorakılıqdan dərin narahatlıq duyduğunu və kədərləndiyini deyib, tərəfləri "gərginliyi azaltmağa, sakitliyi bərpa etməyə" çağırıb.(APA)