İranın müxtəlif bölgələrində hava hücumunun olduğu bildirilir.
Bu barədə videogörüntülər sosial şəbəkədə yayılıb.
Sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışlarının əks olunduğu videolar paylaşırlar. Videogörüntülərdə hava hücumunda müdafiə sistemlərinin, həmçinin atışmaların səsləri eşidilir. Ölkənin bir sıra şəhərlərində hava həyəcanı siqnalı verilir.
İran Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda partlayışın “uğursuz dron hücumu” ilə əlaqələndirsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib.
Eyni zamanda, “Al Arabiya” nəşri İsrail KİV-ə istinadən bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir. Bununla belə, ölkə rəsmiləri İranda baş verən hadisələrə münasibət bildirməyiblər.
Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verir.