Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” (VMM) Tbilisi şəhər məhkəməsinin səhhətinə görə sabiq prezident Mixail Saakaşvilini azadlığa buraxmaqdan imtina etməsindən sonra ölkənin Baş naziri İrakli Qaribaşvilinin evinin yaxınlığında etiraz aksiyası keçirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, eks-prezidentin 100-dən çox tərəfdarı Tbilisinin mərkəzi küçələrindən birinə toplaşıb. Partiya liderləri, o cümlədən assosiasiyanın yeni sədri Levan Xabeişvili də onların arasındadırlar.
Mitinq iştirakçıları səsgücləndirici vasitəsilə Qaribaşviliyə müraciət edərək, müxalifətin onu və digər hökumət rəsmilərini təqib etməkdə davam edəcəyi və gündəlik mitinqlər keçirəcəyi barədə xəbərdarlıq edirlər. Baş nazirin evinin yaxınlığına hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunub, atışma və təxribat yoxdur.
Bu arada partiyanın nümayəndələri “feysbuk”da “Vahid Milli Hərəkat”ın ölkə parlamentindən çıxdığını bəyan ediblər. Orada da qeyd olunub ki, bu gündən etibarən onlar “heç kimə rahatlıq verməyəcəklər”. Partiya “fövqəladə vəziyyətə keçir və paytaxt etirazın mərkəzinə çevriləcək”.
Mixail Saakaşvilinin vəkilləri isə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildiriblər. Sabiq prezidentin vəkili Şalva Xaçapuridze jurnalistlərə açıqlamasında bildirib ki, fevralın 6-da Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda hakim Giorgi Arevadzenin qəbul etdiyi qərar qarşıdakı günlərdə Strazburq məhkəməsinə göndəriləcək.
Şalva Xaçapuridze Saakaşvilinin həbsdə saxlanılması qərarının siyasi mahiyyət daşıdığını və mübarizənin dayandırılmayacağını qeyd edib.
Senzor.az