Moldova Prezidenti Maya Sandu yaxın vaxtlarda onun ölkəsində Rusiya tərəfindən dövlət çevrilişi təşkil oluna biləcəyi barədə xəbərdarlıq edib.
"Main news.ro" xəbər verir ki, bu barədə Prezident Sandu bu gün mətbuat konfransında deyib.
"Planda zorakılıq hərəkətləri həyata keçirmək, hökumət binalarına hücum etmək və girov götürmək üçün mülki geyimdə kamuflyaj edilmiş hərbi təlim keçmiş təxribatçıların iştirak edəcəyi aksiyalar daxildir. Plana görə etiraz kimi maskalanan zorakı hərəkətlər Kişinyovda hakimiyyəti dəyişikliyə məcbur edəcək", - Sandu bildirib.
Moldova Prezidenti oliqarx İlan Şorun partiyasının payızda təşkil etdiyi etiraz aksiyalarını xatırladaraq, Rusiyanın qonşu ölkə ərazisində təxribat aksiyaları keçirmək planının yeni olmadığını bəyan edib.
Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Vladimir Zelenski moldovalı həmkarını Ukrayna kəşfiyyatının ələ keçirdiyi Rusiyanın Moldovadakı cəhdləri ilə bağlı məlumatları əhatə edən sənəd barədə məlumatlandırıb.
“Ukraynalı tərəfdaşlarımızdan alınan sənədlər bu təxribatçı fəaliyyətlərin təşkili üçün yerlərin və maddi-texniki aspektlərin lokallaşdırıldığını nümayiş etdirir”, - Prezident Sandu deyib.
Maya Sandu əlavə edib ki, plan ölkədən kənardakı insanların istifadəsini də nəzərdə tutur. Onun sözlərinə görə, sənədlərdə Rusiya, Belarus, Serbiya və Monteneqro vətəndaşları üçün Moldovaya giriş qaydalarına dair təlimatlar var.(APA)