Türkiyədə dağıntılar altından daha bir nəfər çıxarılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Kahramanmaraşda 258 saat dağıntılar altında qalmış 42 yaşlı Neslihan Kılıç xilas edilib.
O təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər həlak olub, 108 068 nəfər isə yaralanıb.