Gürcüstan parlamenti yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə yerli "Formula" telekanalı məlumat yayıb .
Hüquq-mühafizə orqanları aksiya zamanı bir neçə nəfəri saxlayıb.
Deputatlar xarici agentlər haqqında qanun layihəsini müzakirə etməyə başladıqdan sonra bir neçə yüz adam parlamentin qarşısına toplaşıb.
Daha sonra parlamentin yaxınlığında vəziyyət gərginləşməyə başlayıb, parlamentin qarşısına əlavə polis səfərbər edilib, bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.
Gürcüstan müxalifəti, Prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid ediblər.
Gürcüstanda "xarici agentlər" haqqında qanunun qəbul edilməsinin əleyhdarları deyirlər ki, bu, qeyri-hökumət təşkilatlarının səmərəli fəaliyyətinə mane olacaq, KİV-in hüquqlarını məhdudlaşdıracaq, Gürcüstan vətəndaşlarının müstəqil səsini boğacaq və onları susduracaq. Bundan başqa, Qərb tərəfdaşları Gürcüstan hakimiyyətinə xəbərdarlıq ediblər ki, belə bir qanunun qəbulu ölkənin Avroatlantik məkana inteqrasiyasına maneə olacaq.