Almaniya daha əvvəl İsveçrəyə satdığı "Leopard 2" əsas döyüş tanklarını almaq istəyir.
Alman mətbuatında yer alan xəbərə görə, İsveçrə Müdafiə Nazirliyinin sözçüsü Renato Kalbermatten Almaniyanın "Leopard 2" tankı almaq istəməsi ilə bağlı tələbin olduğunu bildirib.
İsveçrənin 230 "Leopard 2" tankı olduğunu dilə gətirən Kalbermatten, bunlardan 134-nün “növbətçi”, 96-nın isə müvəqqəti olaraq istifadəsiz olduğunu qeyd edib.
Almaniyanın neçə tank almaq istədiyi barədə məlumat verməyən Kalbermatten, İsveçrə qanunlarının istismardan çıxarılan vasitələrin satışına icazə verdiyini bildirib.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü Arne Kollatz Berlində keçirilən mətbuat konfransında İsveçrəyə məktubla belə bir tələbin göndərildiyini təsdiqləyərək, ölkənin donanmasında olan və istismardan çıxarılan tankları satmalarından məmnun olacağını bildirib.
Nə qədər tank alınacağını açıqlamayan Kollatz onların Ukraynaya göndərilməyəcəyini vurğulayıb.
"Neuer Züricher Zeitung" qəzetinin xəbərində İsveçrənin tankları birbaşa Almaniya dövlətinə deyil, onları istehsal edən "Rheinmetall" şirkətinə sata biləcəyi bildirilib.
Xəbərdə "Rheinmetall"ın bu tankları Avropada ehtiyacı olan ölkələrə sata biləcəyi bildirilib. Beləliklə, Ukraynaya "Leopard" tankları ixrac edən Aİ ölkələrinin anbarlarındakı boşluqlar doldurula biləcək.
İsveçrə Müdafiə Nazirliyinin məhdud sayda əsas döyüş tanklarından imtina etməsinin "prinsipcə mümkün" olacağına diqqət çəkilərək, bunun üçün yalnız parlamentin təsdiqinin lazım olduğu vurğulanıb.
Almaniya daha əvvəl Ukraynaya ümumilikdə daha 18 "Leopard 2 A6" tipli əsas döyüş tankı verəcəyi açıqlamışdı.