Rusiya Prezidenti Vladimir Putin “Birincilər Hərəkatı” gənclər təşkilatının regional şöbəsinin şura sədri, 17 yaşlı Axmat Kadırovla görüşüb.
Senzor.az bildirir ki, bu barədə Axmatın atası, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat yayıb.
Qeyd edilir ki, görüş qeyri-rəsmi olub. Çeçenistanın birinci prezidentinin nəvəsi Putinə regionda aparılan gənclər siyasəti barədə məlumat verib.
“Vladimir Vladimiroviç Axmata babasının hansı prinsipləri rəhbər tutduğundan və gələcək dinc həyatı necə gördüyündən, nə arzu etdiyindən və düşündüyündən, dostluqlarının necə başladığından və görüşlərinin necə keçdiyindən danışıb", - deyə Ramzan Kadırov yazıb.
Rusiya Federasiyasının Prezidenti Axmat Kadırovu bu gün keçirəcəyi toy məclisi münasibətilə də təbrik edib (baxmayaraq ki, Rusiyada qanunla yalnız 18 yaşından evlənmək olar).
Yerli KİV-in yazdığına görə, Kadırovun toyu ilə əlaqədar Çeçenistanda yollar bağlanacaq. Bundan başqa, prosesin təmtəraqlı olacağı nəzərə alınaraq, sakinlərə mərasimlə bağlı hadisələri və kortejin hərəkətini çəkmək qadağan edilib.
Daha bir maraqlı məqam. Axmat Kadırovun toyunun şərəfinə respublika hakimiyyəti onunla eyni gündə evlənəcək cütlüklərə 100 min rubl ayıracaq. Kadırov Fondu isə toyların təşkilini öz üzərinə götürüb və gəlinlər üçün avtomobil, gəlinlik və buket təqdim edəcək.
Sonda onu da qeyd edək ki, rəsmi çeçen mənbələrinin məlumatına görə, Axmat Kadırov artıq 8 yaşında Quranı əzbər bilirmiş və 2022-ci ildə Ukrayna ilə müharibədə iştirakı ilə bağlı videoçarxda rol alıb.
Senzor.az