Suriya Prezidenti Bəşər Əsəd bu il martın ortalarında Rusiyaya rəsmi səfər edəcək.
Bu barədə “Vedomosti” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Əsəd Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Məlumata görə, Əsədin səfərinin məqsədi Rusiya rəhbərliyindən maliyyə və enerji yardımı almaqdır.
Bildirilib ki, İranın Suriyaya neft məhsullarının tədarükünün qiymətlərini artırması və fevralda baş verən zəlzələlərin nəticələri fonunda Suriya hakimiyyətinin Rusiyanın dəstəyinə ehtiyacı yaranıb
Ümumiyyətlə, 2022-ci ilin sonundan Suriyada iqtisadi vəziyyət kəskin pisləşib və bu, demək olar ki, bütün sektorlarda problemlərə səbəb olub. BMT-nin məlumatına görə, Suriya əhalisinin 90%-nin humanitar yardıma ehtiyacı var. Ölkə hakimiyyəti böhrana səbəb kimi Qərbin sanksiyalarını göstərir.
Onu da qeyd edək ki, Bəşər Əsəd sonuncu dəfə Moskvaya 2021-ci ilin sentyabrında səfər edib.