Pekində Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
Senzor.az bildirir ki, martın 10-da keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Si Cinpin yenidən ÇXR Sədri seçilib.
Bu, Si Cinpinin 3-cü müddətə (2023-2028) Sədrlik dövrü olacaq. Si Cinpin Çin kommunist inqilabının lideri Mao Cedondan sonra ölkəyə 3-cü müddətə rəhbər seçilən ilk şəxsdir.
14-cü çağırış Xalq Nümayəndələri Yığıncağının illik sessiyasında Si Cinpin həm də silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Dövlət Şurası sədrinin hazırki müavini Han Cen isə ÇXR Sədrinin müavini seçilib.
Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Xalq Nümayəndələri Yığıncağının illik sessiyası martın 5-dən davam edir.