Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut uğrunda döyüşlərdə həlak olan “Sağ sektor”( “Pravıy sektor”) liderlərindən biri, “Da-Vinçinin qurdları”na rəhbərlik edən Ukrayna Qəhrəmanı Dmitri Kotsyubaylonun dəfn mərasimində iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dmitri Kotsyubaylo Ukrayna ordusunun 67-ci əlahiddə mexanikləşdirilmiş briqadasının batalyon komandiri idi. O, martın 7-də Baxmut uğrunda gedən ağır döyüşlərdə həlak olub. Ukrayna Prezidenti V.Zelenski 2021-ci il dekabrın 1-də Kotsyubayloya Ukrayna Qəhrəmanı adı və Qızıl Ulduz medalı təqdim etmişdi.
Dəfn mərasimində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, müdafiə naziri Aleksey Reznikov və həmin vaxt Kiyevdə səfərdə olan Finlandiyanın baş naziri Marin Sannanin də iştirak edib. Dəfn mərasimi Müqəddəs Mixail monastırında keçirilib. Vida mərasiminə minlərlə insan da qatılıb.
Yerli KİV yazır ki, Zelenski Kotsyubaylonu ölümündən sonra “Hərbi Xidmət Xaçı” ilə təltif edib. Ukrayna Prezidenti həmin ordeni dəfn mərasimində Dmitri Kotsyubaylonun anasına təqdim edib.
Ölümdən bir neçə gün əvvəl Amerikanın “Nyu York Tayms” qəzeti Kotsyubaylo ilə Baxmutda görüşmüşdü. Qəzet yazırdı ki, Kotsyubaylo evində canavar saxlayırmış. Vəhşi heyvan komandirin kabinetinin yaxınlığındakı qəfəsdə olub. Məqalədə deyilirdi ki, döyüşçü təxəllüsü “Da Vinçi” olan Dmitri Kotsyubaylo zarafatla deyirmiş ki, döyüşçülər canavara rusdilli uşaqların sümüklərini yedizdirir”. Onun rəhbərlik etdiyi bölmə isə “Da-Vinçinin qurdları” adlanırdı…
D.Kotsyubaylo sağlığında Ukrayna Qəhrəmanı adına layiq görülən ilk könüllü idi. Onu Avromaydandan və Rusiya-Ukrayna müharibəsindən keçmiş “Ukrayna gənclər nəslinin təcəssümü” adlandırdılar.
Dmitri Kotsyubaylo 1995-ci il noyabrın 1-də Ukraynanın İvano-Frankovsk vilayətinin Zadnestryanskoye kəndində anadan olub.
Bovşevskaya orta məktəbini, İvano-Frankivsk Rəssamlıq Liseyini bitirib. 2014-cü ildə Donetsk kənarındakı Peski kəndi yaxınlığında gedən döyüşdə tank mərmisi nəticəsində ağır yaralanıb. Üç aylıq reabilitasiyadan sonra o, cəbhəyə qayıdıb və burada Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edib. Dmitri subay olub. Amma 2017-ci ildən onun könüllü “Ulf” tibb xidmətinin rəhbəri və siyasətçi Alina Mixaylova ilə münasibətdə olduğu deyilir...