Moldovanın paytaxtı Kişinyovun mərkəzində polislə müxalifətin kütləvi etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.
Senzor.az bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların şəhərin baş meydanına gedən yolunu kəsiblər.
Nümayişçilərin ayrı-ayrı qrupları polis kordonunu yarmağa çalışıblar. Onlar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Polislə qısa toqquşmadan sonra nümayişçilər xüsusi təyinatlıların kordonlarından yan keçərək parlament binasına, Prezident iqamətgahına və hökumət binasına tərəf üz tutublar...
Nəhayət, etirazçılar mitinqin qətnaməsini Moldova hökumətinə təqdim ediblər. Müxalifətdəki Rusiyayönümlü “Şor” partiyasından olan deputat Marina Tauber jurnalistlərə bildirib ki, indi etirazçılar Dorina Reçanın Nazirlər Kabinetindən cavab gözləyəcəklər.
Qətnamə müəllifləri Moldova hökumətindən ölkə vətəndaşlarının qışda kommunal xidmətlərə görə ödədikləri pulu hamıya tam şəkildə ödəməyi tələb edirlər. “Biz səlahiyyətlilərdən 24 saat ərzində buna əməl etməyi tələb edirik. Bazar ertəsi saat 13:00-a qədər qərar barədə bizə məlumat verilməsə, konstitusiya hüquqlarımıza uyğun hərəkət etmək hüququmuzu özümüzdə saxlayırıq”, - deyə Tauber bildirib.
Bundan sonra etirazçılar dağılışıblar.
Moldova Baş Polis Müfəttişliyi 21-i azyaşlı olmaqla, 54 etirazçının saxlanıldığını bildirib. Polisin məlumatına görə, onlar özlərini şübhəli aparıb və üzərlərində qadağan olunmuş əşyalar gəzdiriblər.
Senzor.az