BMT-nin nüvə müfəttişləri bildiriblər ki, Liviyanın şərqində yerləşən bir ərazidə saxlanılan təxminən 2,5 ton təbii uran "yoxa çıxıb".
Xarici KİV-in yazdığına görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi təşkilata üzv dövlətlərə göndərdiyi məlumatda tərkibində uran filizi konsentratı olan 10 barabanın "itdiyini" qeyd edib. Onun bəyanatında vurğulanıb ki, "nüvə materialının hazırkı yeri ilə bağlı məlumatların gizlədilməsi nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqla yanaşı, radioloji risk də yarada bilər".
BAEA-nın rəhbəri bəyan edib ki, hazırkı vəziyyət dərhal aradan qaldırılmalı və "itmiş" uranla bağlı təhqiqat aparılmalıdır. “Agentlik bununla əlaqədar beynəlxalq nüvə təhlükəsizliyi standartlarının və nüvə təhlükəsizliyi təlimatlarının həyata keçirilməsi üçün lazımi yardımı göstərməyə hazırdır”, - deyə R.Qrossi bildirib.