Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı təşkil edilən etirazlar zamanı 113 nəfər saxlanılıb.
Bu barədə "BFM" telekanalı xəbər verib.
Qeyd olunub ki, ən kütləvi nümayişlərdən biri Parisin 7-ci bölgəsindəki Voban meydanında baş tutub. Bir neçə min insan pensiya islahatının ləğvini tələb etmək üçün meydana toplaşıb və hökumətin müvafiq qanun layihəsinin qəbul edilməsi ilə bağlı qərarı ilə razılaşmadıqlarını bildirib.
Müxalifətin hökumətə etimadsızlıqla bağlı iki qətnaməsi parlamentin Milli Assambleyasında (aşağı palata) kifayət qədər səs toplamadıqdan sonra bəzi etirazçılar zibil qutularını yandırmağa və polislə toqquşmaya başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə edərək nümayişçilərin meydana daxil olmasını dayandırıblar.
**01:12
Parisdə hökumətə etimadsızlıq qətnamələri ilə bağlı səsvermənin nəticələri ərəfəsində minlərlə insan mitinq keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Voban meydanına toplaşan nümayişçilər pensiya islahatına qarşı şüarlar səsləndirib və onun ləğvini tələb ediblər. Həmçinin etirazlar zamanı hökumətin və ölkə prezidentinin istefasına çağırışlar səslənib. Aksiyanın iştirakçıları arasında çoxlu gənclər olub, onlar əllərində əsas həmkarlar ittifaqlarının rəmzləri olan plakatlar tutublar.
Meydana gedən küçələrdə polis kordonları qurulub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Nümayişçilər ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar meydana bitişik küçələrdə, hökumətə etimadsızlıq barədə qərarın Milli Assambleyada (parlamentin aşağı palatası) kifayət qədər səs toplaya bilmədiyi açıqlanandan yarım saat sonra başlayıb.
Bu xəbərin yayılmasından sonra vəziyyət kəskin şəkildə gərginləşib, etirazçılar asayiş keşikçilərini təhqir etməyə, zibil qutularını yandırmağa, polisə daş və butulka atmağa başlayıblar.
Qeyd edək ki, sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim olunub. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.