Fransada pensiya islahatına qarşı keçirilən nümayişlər zamanı 855 nəfər saxlanılıb.
BFMTV telekanalının yaydığı xəbərə görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.
“Cümə axşamı günündən bəri Fransada 855 nəfər saxlanılıb, onlardan 729-u Parisin payına düşür. 843 nəfər həbs edilib”, - o deyib.
Bundan əvvəl Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran bildirmişdi ki, Fransa hökuməti pensiya islahatlarına görə tətil edən zavodun işçilərini məcburi şəkildə işə cəlb edir.
Paris meriyası parlamentdə səsvermədən yan keçərək hakimiyyət tərəfindən qəbul edilmiş pensiya islahatının səbəb olduğu etirazların nəticələrini aradan qaldırmaq üçün paytaxtda Böhran qərargahı yaradıb.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Sənəd pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.
Bu qərarın təşəbbüskarının ölkə prezidenti olduğu bildirilir. O da vurğulanır ki, pensiya islahatları fonunda Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.