Cümə axşamı Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı keçirilən nümayişlərdə bir milyondan çox insan iştirak edib.
TASS bildirir ki, məlumatı respublikanın Daxili İşlər Nazirliyi yayıb.
Nazirlik xatırladıb ki, martın 15-də keçirilən əvvəlki ümumi etirazlarda nümayişçilərin sayı bunun yarısı qədər olub. Etirazçıların rekord sayı isə martın 7-də qeydə alınıb - demək olar ki, 1,3 milyon nəfər.
Təkcə Parisdə cümə axşamı günü 119 min etirazçı küçələrə axışıb ki, bu da Fransa paytaxtı üçün rekord olub.
Etirazçılar Respublika meydanında polisi qarşıdurmaya təhrik etməyə başlayıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və fişəng atıblar.
Təhlükəsizlik qüvvələri buna dəyənəklər və gözyaşardıcı qazla cavab veriblər. Radikal nümayişçilər zibil qutularını və velosipedləri yandırıblar.
Sen-Martin bulvarında isə etirazçılar avtobus dayanacaqlarını və vitrinləri sındırıblar...
İştirakçıların sayına görə ən böyük etiraz aksiyaları həmçinin Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib.
Son məlumatlara görə, etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.
Növbəti ümummilli nümayişlər martın 28-nə planlaşdırılıb.
**19:56
Fransada pensiya islahatı qanun layihəsinin qəbul edilməsi ilə bağlı etiraz nümayişləri səngimək bilmir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu gün ölkədə ümumi səfərbərlik elan edilib. Bir çox mühüm obyektlərdə tətillər davam edir.
Vətəndaşlarla razılaşdırmadan hökumətin yeni pensiya islahatı qanununu qəbul etməsinə fransızların qəzəbi getdikcə daha da artır. Ölkədə həmkarlar ittifaqlarının (CFDT, CGT, FO, CFE-CGC, CFTC, UNSA, Solidaires, FSU) tətil çağırışına bir çox mətbuat orqanları da qoşulub. Radio və televiziya yayımı, eləcə də internet səhifələrinin fəaliyyəti dayanıb. Prezident Emmanuel Makron televiziya vasitəsilə yeni pensiya islahatının qəbul edilməsinə peşman olmadığını deyib. Bildirib ki, mübahisəli pensiya islahatı ilin sonunadək tətbiq ediləcək.
Onun bu fikri xalqın qəzəbini daha da artırıb. Fransanın şəhərlərində nümayişçilər pensiya islahatları ilə hökumətin onları radikallaşdırdığını bildiriblər.
Bu gün bütün ölkə ərazisində insanlar etiraz nümayişinə çıxıblar. Aeroportlar kerosin çatışmazlığı ilə üzləşiblər. İctimai nəqliyyatın işi isə tamamilə pozulub. Bir çox şəhərlərdə etirazçılar nümayişi gecə saatlarında da davam etdirirlər. Bu gün bütün şəhərlərdə yerli vaxtla saat 14-də etiraz nümayişləri başlayır.