İsrail Baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad etməsinin ardınca ciddi siyasi dalğalanmalar yaşanır.
İsrailin Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Qalantın vəzifədən azad edilməsindən sonra ölkə daxilində baş verən etirazlar və vətəndaş iğtişaşlarının İsrail dövlətinin təhlükəsizliyini təhlükə altına aldığını bildiriblər.
İsrailin Nyu Yorkdakı Baş konsulu Asəf Zamir isə bu olaydan sonra Baş nazir Benyamin Netanyahuya etiraz olaraq istefa verdiyini “Tvitter” hesabında elan edib.
İsrailin Baş Qərargah rəisinin sabiq müavini Yoav Qolan da “Tvitter”də “Dünya müxtəlif yerlərində fəaliyyət göstərən səfirliklərdəki bütün İsrail nümayəndələrini dərhal istefa verməyə çağırıram. Qeyri-legitim hökumətə xidmət etməyin” deyə çağırış edib.
Bu arada yerli media xəbər yayıb ki, minlərlə etirazçı Təl-Əvivdə Müdafiə Nazirliyinin binasının yerləşdiyi hökumət binaları kompleksinin qarşısına gəlib və nəqliyyatın hərəkətini bağlayıb. Yollarda tıxac yaranıb.
“Kan 11” dövlət telekanlının məlumatına görə, etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şosesində də nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Onlar yolda əllərinə keçən əşyalardan tonqal qalayaraq dağılışmaqdan imtina ediblər. Polis hələ ki ciddi müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə isə, eyni zamanda Qüdsdə etirazçılar Baş nazir Binyamin Netanyahunun iqamətgahına gediblər. Nümayişçilər polis hasarlarından birini aşmağı bacarıblar və hökumət başçısının evinə 20 metr məsafədən yaxınlaşıblar. Nəşrin məlumatına görə, polis kütləni dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə başlayıb.
Xatırladaq ki, ötən axşam Netanyahu müdafiə naziri Yoav Qalantı işdən çıxarmaq qərarını verib. Bu, şənbə günü Qalantın həmvətənlərinə xüsusi müraciətindən sonra baş verib və o, müxalifətin etirazına səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Siyasətçinin fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin geniş dialoq yolu ilə həyata keçirilməlidir. O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini və milli təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan ordunun hərbçiləri arasında xidmətdən imtina çağırışları daha çox yayılıb...