Almaniyada nəqliyyat işçiləri bu gündən kütləvi tətil elan ediblər.
“Deutsche Welle” xəbər verir ki, tətil “EVG” dəmiryolu nəqliyyatı həmkarlar ittifaqının və “Verdi” həmkarlar ittifaqının təşəbbüsü əsasında keçirilir.
Aksiyanın bir sutka davam edəcəyi və ölkə üzrə nəqliyyatın bir çox növünə təsir edəcəyi gözlənilir.
Artıq Hamburq, Hannover, Dortmund, Drezden, Düsseldorf, Leypsiq, Münhen, Nürnberq, Frankfurt, Ştutqart və Köln hava limanlarında demək olar ki, bütün reyslər ləğv edilib.
Bununla yanaşı, “Deutsche Bahn” dəmiryolu şirkəti ölkə üzrə qatarların hərəkətinin dayandırıldığını elan edib.
Tətildə təqribən 350 min nəqliyyat işçisinin iştirak edəcəyi gözlənilir. Əməkdaşlar maaş artımı tələb edirlər.
“Qafqazinfo” xatırladır ki, sözügedən aksiya Almaniyada son 30 ildə ən böyük tətildir.