İsrail ordusu cümə günü gecə Qəzza zolağı ərazisinə zərbələr endirib.
TASS bildirir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aviasiya anklavın şimal və mərkəzi rayonlarına zərbələr endirib. Əməliyyat çərçivəsində Fələstinin HƏMAS hərəkatının obyektləri hədəfə alınıb.
Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu əsas nazirlərin iştirakı ilə hərbi-siyasi kabinetin fövqəladə iclasını keçirib. O, cümə axşamı ölkənin şimal bölgələrinin Livan ərazisindən kütləvi raket zərbəsinə məruz qalmasından sonra çağırılıb.
Qeyd edək ki, İsrailin şimalında vəziyyətin gərginləşməsi ölkənin Qəzza zolağına bitişik cənub rayonlarında gərginliyin artması fonunda başlayıb. Məhz oradan fələstinli radikallar İsrail ərazisini iki gün dalbadal raket atəşinə tutublar. Eyni zamanda, artıq bir neçə dəfə fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verdiyi Qüdsdəki Məbəd dağı ətrafında da gərginlik artır.