Çin ordusu aprelin 10-da Tayvan adasının təxminən 130 kilometrliyində döyüş atəşləri ilə müşayiət olunacaq təlim keçirəcək.
Bu barədə “Bloomberg” Futszyan əyalətinin dəniz administrasiyasının bəyanatına istinadən məlumat yayıb.
Bildirilir ki, təlimlər Tayvan lideri Tsay İnvenin Kaliforniyada ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşündən 5 gün sonra baş tutacaq.
Hərbi təlimlər yerli vaxtla saat 07:00-dan 20:00-dək Tayvan boğazında, Pintan mahalı yaxınlığında keçiriləcək.
“Report” xatırladır ki, Tayvan lideri ada dövlətinin müstəqilliyini tanıyan Beliz və Qvatemalaya səfəri çərçivəsində tranzit olaraq ABŞ-a səfər edib. Çin Xarici İşlər Nazirliyi Tsay və Makkarti arasında keçirilən görüşə etiraz edib və cavab tədbirləri görəcəyinə söz verib. Bu gün səhər saatlarında Çin Tayvan rəhbəri ilə amerikalı parlamentari arasında görüş keçirildiyi Hudson İnstitutuna və Ronald Reyqan Kitabxanasına qarşı sanksiyalar tətbiq edib.