İsrail ordusu ölkənin atəşə tutulmasına cavab olaraq Suriyadakı İran hədəflərinə zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, Suriya hakimiyyətinə və Prezident Bəşər Əsədə bölgədə gərginliyin daha da artacağı təqdirdə “çox şey itirəcəkləri” barədə xəbərdarlıq edib.
“Suriyada İran hədəflərinə və Suriya hökumətinin hədəflərinə hücum etdik. Əsəd rejimi yaxşı bilir ki, onların ödədiyi bu qarşılıq başlanğıcdır. Əgər İsrailə raket zərbələri endirməyə davam edərlərsə, Əsəd rejimi bunun əvəzini ödəyəcək. Onlar çox şey itirəcəklər”, - Netanyahu İsrail televiziyası tərəfindən yayımlanan çıxışı zamanı bəyan edib.
Baş nazir vurğulayıb ki, İsrail gərginliyi artırmağa çalışmır, lakin lazım gələrsə, istənilən rəqibə qarşı “bütün cəbhələrdə çox güclü hərəkətlərə” hazırdır.
Xatırladaq ki, İsrail hərbçiləri aprelin 8-i axşam saatlarında Suriyadan 3 raket atıldığını qeydə alıblar.