Pentaqonun məxfi sənədləri “Discord” platformasında geymerlərin (oyun iştirakçıları) çat söhbətində sızmış ola bilər.
Senzor.az bildirir ki, bu barədə “Associated Press News” məlumat yayıb.
Əldə edilən məlumata görə, müzakirə zamanı geymerlər Ukrayna münaqişəsi mövzusuna toxunublar. Çat iştirakçılarından birinin dediyinə görə, naməlum istifadəçi guya məxfi sənədləri paylaşıb. O, əvvəlcə sənədlərdəki məlumatları öz sözləri ilə ifadə edib, sonra isə birbaşa mətn fayllarını göndərib.
Göründüyü kimi, bu mesajlar bir neçə həftəyə qədər çatdan kənarda diqqət cəlb etməyib. Onlar sosial şəbəkələrdə geniş şəkildə paylaşıldıqdan sonra böyük xəbər agentliklərinin maraq dairəsinə düşüb.
Sənədlərin sızması nəticədə ABŞ rəsmilərini təşvişə salıb və ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu barədə araşdırmaya başlanıb.
Bu arada Pentaqonun sözçüsü Kris Miqer bildirib ki, bu sənədlərin sızması ABŞ kəşfiyyatının informatorları üçün ağır və hətta ölümcül nəticələnə bilər.
“Məxfi məlumatların açıqlanması nəinki milli təhlükəsizliyimiz üçün ağır nəticələrə gətirib çıxara bilər, həm də insanların ölümünə də səbəb ola bilər”, - deyə Miqer xəbərdarlıq edib.
Bir daha xatırladaq ki, aprelin 7-də Ukrayna müharibəsi ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızması məlum olub. Materiallarda Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti, ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları haqqında məlumatlar yer alıb.
Bundan əlavə, sənədlərdə Rusiya Federasiyası və BƏƏ-nin ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarına qarşı birgə fəaliyyəti, sanksiyalardan yayınmaqda Rusiya və onun vətəndaşlarına yardım haqqında kəşfiyyat məlumatları olub. Həmçinin Misirin Ukraynada müharibədə istifadə üçün Rusiyanı sursatla təmin etmək planları barədə məlumatlar da ortaya çıxıb.