Rusiya, İran, Çin və Pakistan ABŞ-ı Əfqanıstandakı vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalı xəbər verir ki, bu barədə Rusiya, İran, Çin və Pakistan XİN rəhbərlərinin Səmərqənddə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair birgə bəyanatında deyilir.
Bu ölkələrin XİN başçıları həmçinin Vaşinqtondan Əfqanıstana qarşı tətbiq edilən birtərəfli sanksiyaları dərhal ləğv etməyi və bu dövlətin xarici aktivlərini geri qaytarmağı tələb ediblər.
Rusiya, İran, Çin və Pakistan həmçinin, Əfqanıstandakı Taliban hakimiyyətini qadınlar üçün məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Bəyanatda Taliban inklüziv hökumət yaratmağa və milli azlıqlar üçün məhdudiyyətləri aradan qaldırmağa təşviq edilib.
**10:44
“Səmərqənddə Əfqanıstan üzrə regional “dördlüyün” görüşü başlayıb”.
RT bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” hesabında məlumat verib.
Tədbirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Çinin xarici işlər naziri Sin Qan, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Pakistanın xarici işlər üzrə dövlət naziri Rabbani Xar iştirak edirlər.
“Səmərqənddə Rusiya, İran, Çin və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir - Əfqanıstan üzrə regional “dördlük”, - deyə Zaxarova qeyd edib.