Avropa Parlamentinin sabiq vitse-prezidenti, adı rüşvət qalmaqalında hallanan Eva Kaili ev dustaqlığına buraxılıb.
Bu barədə Kaili Brüsseldəki Haren həbsxanasından çıxandan sonra jurnalistlərə bildirib.
Qeyd olunub ki, həbsxanadan çıxandan sonra Kaili vəkilinin maşını ilə birbaşa Avropa Parlamenti yaxınlığındakı mənzilinə yola düşüb, ona elektron izləyici taxılıb və evdə qalması əmr edilib.
Kaili jurnalistlərə bildirib ki, vəkilləri vasitəsilə mübarizəni qətiyyətlə davam etdirəcək və tezliklə açıqlama veriləcək.
"Qızım məni gözləyir, ona görə də çox şadam ki, bir azdan onun yanında olacağam", - deyə Kaili əlavə edib.
Xatırladaq ki, dekabrın 11-də Brüsseldə 44 yaşlı Eva Kailiyə qarşı korrupsiya ittihamı irəli sürülüb. Belçika polisi Dünya Çempionatına ev sahibliyi edən Qətərlə əlaqəli şəxslərin Brüsseldəki siyasi müzakirələrə təsir etmək məqsədilə avropalı siyasətçilərə külli miqdarda rüşvət verməklə bağlı iddiaları araşdırıb.
Qətərdə həyata keçirilən son əmək islahatlarını açıq şəkildə dəstəkləyən Kaili, Belçika müstəntiqlərinin onun evində "pul kisələri" tapmasından sonra ittiham olunan və həbs edilən dörd şübhəlidən biridir.
Eva Kaili parlamentin vitse-prezidenti vəzifəsindən, həmçinin parlamentin prezidenti Roberta Metsolanı Yaxın Şərqdə təmsil etmək vəzifəsindən məhrum edilib. Amma o, deputat mandatından məhrum olunmayıb.(APA)