Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna əsirliyindən qayıdan çeçen hərbçilərlə görüşməkdən imtina edib.
Senzor.az bildirir ki, R.Kadırov bu barədə Teleqram kanalında özü məlumat verib.
“Hesab edirəm ki, çeçen döyüşçünün əsir düşməyə haqqı yoxdur. Bəhanələr fərqli ola bilər, amma nə olursa olsun, döyüşçü başqa seçimi olmadığını göstərməlidir. Bunu da cəbhə xəttinə qayıtmaqla sübut etməlidir”, - Kadırov bildirib.
Kadırov eyni zamanda “əsirliyin cinayət olmadığını” da deyib: “Mən hər şeyi başa düşürəm. Və döyüşçülərin sağ qalmasına şadıq. Əsir düşməzdən bir saat əvvəl onlar radio ilə əlaqə saxlayıb, döyüş sursatlarının tükəndiyini bildiriblər. Ancaq hər bir döyüşçü necəgəldi atəş açmamalı, hər atış üzərində düşünməli və hər patronu qorumalıdır”.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı son əsir mübadiləsi zamanı 5 kadırovçu Rusiyaya təhvil verilib. Kadırovçular döyüş zamanı sursatları qalmadığı üçün əsir düşdüklərini bildirmişdilər.